Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) magistr tələbəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin inşaat mühəndisi İsa Kazımov “Yaşıl logistika və təchizat zənciri” fənninin tədrisi zamanı ölkəmizin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun (WUF 13) mahiyyəti və qlobal əhəmiyyəti barədə geniş təqdimatla çıxış edib. Təqdimatda forumun dayanıqlı urbanizasiya sahəsində rolu, qlobal şəhərsalma siyasətinə təsiri və müasir çağırışlara yanaşması ətraflı şəkildə izah olunub.
Tələbə vurğulayıb ki, 2001-ci ildə təsis edilən forum yalnız beynəlxalq konfrans platforması deyil, eyni zamanda dayanıqlı şəhər inkişafı üçün qlobal “beyin mərkəzi” funksiyasını yerinə yetirir. Qeyd olunub ki, forum Yeni Şəhər Gündəliyinin (New Urban Agenda) icrasını izləyən əsas beynəlxalq mexanizmlərdən biridir.
Təqdimatda qlobal urbanizasiya trendlərinə də toxunulub. Bildirilib ki, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. İqlim dəyişikliyi, infrastrukturun sürətli aşınması və mənzil çatışmazlığı kimi problemlər müasir şəhərlərin əsas çağırışları kimi diqqətə çatdırılıb.
Sonda qeyd edilib ki, WUF 13-ün 2026-cı ildə Bakıda keçirilməsi ölkəmizin şəhərsalma sahəsində artan beynəlxalq nüfuzunun göstəricisidir. Tələbə çıxışını belə yekunlaşdırıb: “Biz sadəcə binalar tikmirik, biz yeni həyat yaradırıq.”
Təqdimatdan sonra ATMU-nun baş müəllimi Samir Məhərrəmov magistr tələbəmizin çıxışını yüksək qiymətləndirərək mövzunun aktual və peşəkar şəkildə təqdim olunduğunu bildirib. O, şəhərsalma sahəsində mühəndis yanaşması ilə humanitar baxışın vəhdətinin vacibliyini xüsusi vurğulayıb və tələbəyə gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanca