ATMU-da “Əməyin təhlükəsizliyi qaydaları” mövzusunda təlim keçirilib
04.03.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 251
ATMU-da “Əməyin təhlükəsizliyi qaydaları” mövzusunda təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) əməkdaşlar üçün “Əməyin təhlükəsizliyi qaydaları” adlı maarifləndirici təlim təşkil olunub. Təlimin əsas məqsədi universitet əməkdaşlarının iş mühitində təhlükəsizliyin təmin edilməsi, mümkün risklərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində bilik və bacarıqlarının artırılması olub.

Tədbiri giriş sözü ilə açan ATMU-nun Təsərrüfat və texniki təchizat şöbəsinin Texniki təchizat bölməsinin əməyin təhlükəsizliyi üzrə mütəxəssisi Binyamin Əliyev əməyin mühafizəsinin hər bir müəssisə üçün prioritet məsələ olduğunu vurğulayıb. Bildirib ki, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması əməkdaşların səmərəli fəaliyyətinin əsas şərtlərindən biridir və bu istiqamətdə mütəmadi maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Təlim zamanı iştirakçılara əməyin mühafizəsi üzrə qüvvədə olan qanunvericiliyin əsas tələbləri, iş yerlərində təhlükəsizlik qaydaları, yanğın təhlükəsizliyi normaları, fövqəladə hallarda davranış qaydaları, eləcə də ilkin tibbi yardımın göstərilməsi prinsipləri barədə ətraflı məlumat verilib.

Sonda qeyd edilib ki, ATMU-da əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi təlimlərin davamlı olaraq təşkili nəzərdə tutulur.