ATMU-da orqan donorluğuna aid maarifləndirici tədbir keçirilib
05.03.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 222
ATMU-da orqan donorluğuna aid maarifləndirici tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşəbbüsü ilə maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə ATMU-nun Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva açaraq qonaqları və tələbələri salamlayıb. O, çıxışında belə maarifləndirici görüşlərin gənclər arasında humanist dəyərlərin formalaşmasına və cəmiyyət üçün mühüm olan mövzular barədə məlumatlılığın artırılmasına xidmət etdiyini bildirib.

Ardınca ATMU-nun müəllimi Vasif Muradzadə orqan donorluğunun cəmiyyət üçün sosial və mənəvi əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu məsələ yalnız tibbi deyil, eyni zamanda humanitar və etik məsuliyyət daşıyan bir mövzudur.

Mərkəzin İdarə Heyətinin sədr müavini Günay Abbasova çıxış edərək, ölümdən sonra donor olmağın yalnız tibbi və hüquqi aspektlərini deyil, həm də mənəvi dəyərini vurğulayıb. Onun sözlərinə görə, əgər şəxsin sağlığında bu barədə rəsmi razılığı yoxdursa, qərar onun yaxınlarının üzərinə düşür: “Bu yükü yaxınlarımızın üzərinə qoymamaq üçün hər birimiz donor olmaq barədə düşünməli və bu addımı sevgi ilə atmalıyıq”, deyə o vurğulayıb.

Daha sonra Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva orqan donorluğunun tibbi şərtləri, donor olmaq üçün əsas meyarlar və transplantasiya olunmuş insanların həyatında baş verən müsbət dəyişikliklər barədə ətraflı məlumat verib. O, tədbir zamanı tələbələr tərəfindən xüsusi maraqla qarşılanan təqdimat slaydları vasitəsilə fikirlərini bölüşüb.

Tədbir müzakirə və sual-cavab formatında davam edib. Tələbələr tərəfindən orqan donorluğunun hüquqi, tibbi və etik aspektləri ilə bağlı ünvanlanan suallar ətraflı cavablandırılıb. Sonda fəal tələbələrə orqan donorluğu loqolu hədiyyələr təqdim olunub.