ATMU ilə “Air Arabia” arasında görüş keçirilib
13.03.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 239
ATMU ilə “Air Arabia” arasında görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Air Arabia” aviaşirkətinin Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib. Görüşdə universitetin Strateji inkişaf üzrə prorektoru Araz Aslanlı, Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva, Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəbbət Hacıyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdir əvəzi İranə Axundova və aviaşirkətin Azərbaycandakı satış üzrə meneceri Gülnar Rzazadə iştirak ediblər.

Görüş zamanı Gülnar Rzazadə “Air Arabia” aviaşirkətinin fəaliyyəti və Azərbaycandan həyata keçirilən uçuşlar barədə məlumat verib. Bildirib ki, şirkət 2017-ci ildən etibarən Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana uçuşlar həyata keçirir. Hazırda Bakıdan BƏƏ-nin Şarja və Əbu-Dabi əmirliklərinə müntəzəm reyslər təşkil olunur. Həftə ərzində Şarja istiqamətində 10, Əbu-Dabi istiqamətində isə 5 reys icra edilir. Qeyd olunub ki, “Air Arabia” aşağı büdcəli, multi-hub prinsipi ilə fəaliyyət göstərən aviaşirkətdir və əsas qovşağı Şarja əmirliyində yerləşir. Şirkət bu qovşaqlar vasitəsilə 200-dən artıq istiqamət üzrə uçuşlar həyata keçirir.

Tərəflər eyni zamanda ATMU tələbələrinin “Air Arabia” aviaşirkətində təcrübə proqramlarında iştirak etməsi imkanlarını da müzakirə ediblər. Bu təşəbbüsün tələbələrin peşəkar inkişafına töhfə verəcəyi və gələcək əməkdaşlıq perspektivləri baxımından faydalı ola biləcəyi bildirilib.

Görüş zamanı ATMU və aviaşirkət arasında mümkün əməkdaşlıq istiqamətləri və ortaq layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.