Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 15 Mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə açıq dərs keçirilib. Məqsəd tələbələrin istehlakçı hüquqları sahəsində biliklərinin artırılması, onların hüquqi savadlılığının gücləndirilməsi və bu istiqamətdə maarifləndirilməsi olub. Tədbirdə universitetin müəllim və tələbə heyəti iştirak edib.
Menecment kafedrasının müdiri Camal Hacıyev qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib və bu cür maarifləndirici görüşlərin tələbələrin bilik və dünyagörüşünün artırılmasında mühüm rol oynadığını vurğulayıb.
Açıq dərsdə Agentliyin nümayəndələri - İstehlak bazarına nəzarət şöbəsinin müdir müavini Azad Məmmədov və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdir müavini Samir Əliyev tərəfindən “İstehlakçıların əsas hüquqları və onların müdafiə mexanizmləri” mövzusunda təqdimatlar keçirilib.
Çıxışlar zamanı tələbələrə istehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqları, bu hüquqların qorunması mexanizmləri, dövlət nəzarətinin əhəmiyyəti və mövcud qanunvericiliyin tətbiqi yolları ətraflı izah olunub. Eyni zamanda, məhsul və xidmətlərdən istifadə zamanı diqqət edilməli məqamlar, hüquqların pozulduğu hallarda müraciət edilə biləcək qurumlar və hüquqi müdafiə imkanları barədə məlumat verilib. Bildirilib ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd istehlakçıların hüquqlarının daha effektiv qorunması, onların məlumatlılığının artırılması və ictimai nəzarətin gücləndirilməsidir.
Açıq dərs zamanı tələbələrə mövzu ilə bağlı praktiki nümunələr təqdim olunub, onların sualları cavablandırılıb.
Azərbaycanca