ATMU-da 31 mart soyqırımı qurbanları anılıb
31.03.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 197
ATMU-da 31 mart soyqırımı qurbanları anılıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 1918-ci ildə ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı ilə bağlı tədbir təşkil olunub. Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı qeyd edib ki, XIX əsrin əvvəllərindən etibarən Qafqaza kütləvi şəkildə köçürülən ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktları törədiblər. O vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il 26 mart tarixində imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən hər il 31 mart ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Professor bildirib ki, 1918-ci ilin mart ayında daşnak və silahlı erməni millətçiləri, eləcə də bolşeviklər tərəfindən Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda və Naxçıvanda kütləvi qətliamlar törədilib. O, hadisələrin ilk günlərində bolşevik-daşnak dəstələrinin həlak olanların dəfninə imkan vermədiyini, cəsədlərin yandırılan binalara, quyulara və dənizə atıldığını qeyd edib.

M.Zülfüqarlı müəllifi olduğu 3 kitabda 1918-ci ilin iyun ayında Bakı Soveti qoşunları və erməni silahlı birləşmələrinin Hacıqabul-Kürdəmir istiqamətində törətdikləri hadisələrdən də bəhs etdiyini diqqətə çatdırıb.

Tədbirdə bildirilib ki, prezident İlham Əliyev tərəfindən 30 dekabr 2009-cu il tarixində imzalanmış sərəncama əsasən Quba Soyqırımı Memorial Kompleksinə ziyarətlərin təşkili xalqımızın milli yaddaşının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.