ATMU-da insan hüquqları ilə bağlı maarifləndirici təlim keçirilib
31.03.2026
İnsan resursları şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 260
ATMU-da insan hüquqları ilə bağlı maarifləndirici təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İnsan hüquqlarının müdafiəsi sahəsində prioritetlər” mövzusunda maarifləndirici təlim təşkil olunub. Tədbir əməkdaşların hüquqi biliklərinin artırılmasına yönəlib.

Təlim zamanı çıxış edən ATMU-nun baş hüquqşünası Aydın Kərimov vurğulayıb ki, insan hüquq və azadlıqlarının təmin edilməsi hüquqi dövlət quruculuğunun əsas sütunlarından biridir. O qeyd edib ki, müasir dövrdə insan hüquqlarının qorunması yalnız qanunvericilik bazasının mövcudluğu ilə deyil, eyni zamanda cəmiyyətin hüquqi maarifləndirilməsi səviyyəsi ilə birbaşa bağlıdır.

Onun sözlərinə görə, belə təlimlərin keçirilməsi əməkdaşların hüquqi biliklərinin möhkəmləndirilməsinə, onların hüquq və vəzifələri barədə daha dolğun məlumat əldə etməsinə, eləcə də hüquq pozuntularının qarşısının alınmasına xidmət edir.

Tədbir çərçivəsində iştirakçılara insan hüquqlarının əsas prinsipləri, bu sahədə milli qanunvericiliyin tələbləri, eləcə də beynəlxalq hüquq normaları haqqında ətraflı məlumat verilib. Həmçinin, insan hüquqlarının müdafiəsi sahəsində mövcud prioritet istiqamətlər, praktiki nümunələr və real vəziyyətlər əsasında izah olunub.

İnteraktiv formatda keçirilən təlim zamanı iştirakçıların sualları cavablandırılıb, onların qarşılaşdıqları hüquqi məsələlər müzakirə olunub və müvafiq tövsiyələr verilib.