ATMU-da elmi tədqiqat fəaliyyəti ilə bağlı təlim keçirilib
01.04.2026
İnsan resursları şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 245
ATMU-da elmi tədqiqat fəaliyyəti ilə bağlı təlim keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) professor-müəllim heyəti üçün “Akademik fəaliyyət və elmi attestasiya sistemi. AAK tərəfindən tövsiyə olunan yerli və beynəlxalq indeksləmə bazaları” mövzusunda təlim təşkil edilib.

Tədbirin təlimçisi ATMU Elmi Şurasının katibi, dosent, sosial elmlər üzrə fəlsəfə doktoru Aynur Bağırlı olub.

Təlim proqramı üç əsas modul üzrə həyata keçirilib. Birinci modulda elmi dərəcələrin və elmi adların verilməsi qaydaları barədə iştirakçılara ətraflı məlumat təqdim edilib. İkinci modul çərçivəsində Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər haqqında məlumat verilib. Üçüncü modul isə beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə həsr olunub.

Təlim zamanı fəlsəfə doktoru (PhD) və elmlər doktoru dərəcələri, dosent və professor elmi adlarının verilməsi prosedurları, eləcə də AAK tərəfindən tövsiyə edilən yerli və xarici elmi jurnallar müzakirə olunub. Eyni zamanda Scopus, Web of Science, Springer kimi əsas beynəlxalq elmi bazalar barədə iştirakçılar geniş məlumat əldə ediblər.

Təlim nəzəri və praktiki hissələrdən ibarət olmaqla keçirilib və iştirakçıların akademik fəaliyyətlərinin inkişafına töhfə verməsi məqsədi daşıyıb.