Azərbaycan Turizm və Menecment Universitetinin təhsil məsələləri üzrə rektor müşaviri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Fərid Cabbarlı DİN-in Polis Akademiyasında “Bloom taksonomiyasına uyğun keyfiyyətli test suallarının hazırlanması” mövzusunda 2 günlük təlim keçib.
DİN-in Polis Akademiyasının 2025–2030-cu illəri əhatə edən Strateji İnkişaf Planına uyğun olaraq təşkil edilən təlim akademik heyət üzvlərinin peşəkarlığının artırılmasına yönəlib. Təlim zamanı Fərid Cabbarlı iştirakçılara müasir qiymətləndirmə yanaşmaları, Bloom taksonomiyasının əsas prinsipləri və keyfiyyətli test suallarının hazırlanması meyarları barədə ətraflı məlumat verib.
Təlimin ilk günündə təhsilalanların biliyinin qiymətləndirilməsi formaları izah olunub, həmçinin test tapşırıqlarının hazırlanmasında yol verilən tipik səhvlər və onların aradan qaldırılması yolları diqqətə çatdırılıb. İkinci gün isə iştirakçılar tərəfindən Bloom taksonomiyasına uyğun test suallarının hazırlanması və onların təhlili üzrə praktiki tapşırıqlar yerinə yetirilib.
Təlimin yekununda iştirakçılar öyrənmə nəticələrinin ölçülə bilən formada ifadə olunması, test bazasının təhlili və keyfiyyətsiz sualların təkmilləşdirilməsi istiqamətində müvafiq səriştələr əldə ediblər.
Azərbaycanca