ATMU Azərbaycan-Qazaxıstan Rektorlar Forumunda
06.04.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 298
ATMU Azərbaycan-Qazaxıstan Rektorlar Forumunda

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndə heyəti 6-8 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetində keçirilən beynəlxalq təhsil sərgisində və II Rektorlar Forumunda iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.

“Study in Azerbaijan”ın təşəbbüsü çərçivəsində təşkil olunan sərginin bu gün baş tutan açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstanın təhsil və elm naziri Sayasat Nurbek çıxış ediblər.

Qeyd edək ki, sərginin məqsədi təhsil sahəsində əməkdaşlığı genişləndirmək, tələbələri və gənc mütəxəssisləri xaricdə yüksək keyfiyyətli təhsil almaq imkanları haqqında məlumatlandırmaqdır.

Eyni zamanda, bu gün keçirilən Qazaxıstan-Azərbaycan II Rektorlar Forumu çərçivəsində ATMU ilə Qorqud Ata adına Qızıl Orda Universiteti və Almatı İdarəetmə Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

ATMU-nu tədbirdə Strateji inkişaf üzrə prorektor, s.e.ü.f.d. Araz Aslanlı, Tədrisin təşkili şöbəsinin təhsil məsələləri üzrə müdir müavini Liana Sadıqzadə və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Aytac Babayeva təmsil ediblər.