Tədris planlarının əmək bazarına uyğunlaşdırılması müzakirə olunub
08.04.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 246
Tədris planlarının əmək bazarına uyğunlaşdırılması müzakirə olunub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Menecment kafedrasının növbəti iclasına kafedranın iş planına uyğun olaraq sənaye nümayəndələri də dəvət olunub, mövcud tədris planlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması məsələsi müzakirə edilib.

Müzakirələr zamanı ATMU məzunu, “Avrora” şirkətində məhsul meneceri vəzifəsində çalışan Oqtay Əmiraslanov çıxış edib, menecment ixtisası üzrə tədris olunan fənlərin əmək bazarının tələblərinə uyğun şəkildə daha çox planlama, strateji idarəetmə və digər praktik istiqamətlər üzrə ixtisaslaşmasının vacibliyini vurğulayıb.

Digər ATMU məzunu, “Metalux” MMC-nin rəhbəri Taleh Ağazadə bəzi fənlərin keyfiyyətli tədrisi üçün müasir infrastruktur bazasının - xüsusilə kompüter və texnoloji təminatın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

“Grand Logistika və Broker” MMC-nin rəhbəri Orxan Quliyev isə işəgötürən kimi çıxış edib, məzunlarda əsasən tələb olunan bilik və bacarıqlar barədə fikirlərini bölüşüb, onların praktik biliklərə, analitik düşüncə qabiliyyətinə və peşəkar vərdişlərə daha çox yiyələnməsinin vacibliyini diqqətə çatdırıb.

Eyni zamanda müzakirələrdə kafedra müdiri Camal Hacıyev, kafedranın professor-müəllim heyəti Ülkər Sadıqova, Arzu Hüseyn, Fərid Cabbarlı, Bəhruz İsgəndərov, İlahə Əliyeva aktiv şəkildə iştirak ediblər.

İclas çərçivəsində səsləndirilən təkliflər tədris planlarının daha da təkmilləşdirilməsi və əmək bazarının real tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətli hesab olunub.