Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” beynəlxalq forumu çərçivəsində görüş keçirilib. Qeyd ed’k ki, forum “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Mədəniyyətlərarası Dialoq Naminə Qlobal İttifaqın tərəfdaşlığı ilə ölkəmizin multikultural və sülh mədəniyyəti siyasətinin təbliği məqsədilə təşkil olunub.
Tədbirdə universitet rəhbərliyi, beynəlxalq qonaqlar və tələbələr iştirak ediblər.
Görüşü giriş sözü ilə açan universitetin rektoru İlham Mədətov qonaqları salamlayaraq belə beynəlxalq təşəbbüslərin əhəmiyyətini vurğulayıb. O, sülh mədəniyyətinin təşviqində ali təhsil müəssisələrinin rolundan bəhs edib və bu cür platformaların əməkdaşlığın genişlənməsinə töhfə verdiyini qeyd edib.
Daha sonra çıxış edən ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli iştirakçıları salamlayaraq forumun məqsədləri haqqında məlumat verib. O bildirib ki, layihə çərçivəsində müxtəlif ölkələrdən olan gənc liderlərin və QHT nümayəndələrinin bir araya gəlməsi mədəniyyətlərarası dialoqun inkişafına xidmət edir.
Tədbir ATMU-nun Karyera və məzunlarıla iş şöbəsinin müdiri İlahə Əliyevanın təqdimatı ilə davam edib. O, çıxışı zamanı Azərbaycan Turizm və Menecment Universiteti haqqında ətraflı məlumat verib, ali təhsil müəssisəsinin fəaliyyəti, təhsil imkanları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə danışıb.
Görüş çərçivəsində iştirakçılar arasında müzakirələr keçirilib, qarşılıqlı əməkdaşlıq perspektivləri dəyərləndirilib.
Azərbaycanca