ATMU-da şəhərsalma və mədəni turizm mövzusunda görüş keçirilib
14.04.2026
Turizm işi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 202
ATMU-da şəhərsalma və mədəni turizm mövzusunda görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm işi” kafedrasında fəaliyyət göstərən “Turizm” dərnəyinin təşkilatçılığı ilə “Şəhərsalma mühiti və mədəni turizmin inkişafı istiqamətləri” mövzusunda görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Turizm və qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov şəhərsalma mühitinin turizmin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, xüsusilə mədəni turizmin formalaşmasında şəhər infrastrukturunun və tarixi irsin qorunmasının əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə Dövlət Turizm Agentliyinin Destinasiyaların inkişafı və turizm məhsulu departamentinin baş mütəxəssisi Simran Hacəliyev çıxış edərək ölkədə mədəni turizmin inkişafı istiqamətində görülmüş işlər və hazırda icra olunan layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, bu sahədə yeni turizm məhsullarının yaradılması və destinasiyaların inkişafı prioritet istiqamətlərdəndir.

Daha sonra Azərbaycan Turizm Bürosunun mədəni irs üzrə baş mütəxəssisi Çinarə Bəylər “Azərbaycanda intibah dövrü memarlığı: İpək yolu və islam irsi” mövzusunda məruzə ilə çıxış edib. O, ölkənin zəngin tarixi-mədəni irsinin turizm baxımından potensialından bəhs edib və bu irsin beynəlxalq səviyyədə tanıdılmasının vacibliyini qeyd edib.