AATP çərçivəsində növbəti qonaq müəllimin tədris həftəsi uğurla yekunlaşıb
14.04.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 260
AATP çərçivəsində növbəti qonaq müəllimin tədris həftəsi uğurla yekunlaşıb

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində Azərbaycan-Avstriya Turizm Proqramında növbəti əcnəbi qonaq müəllimin tədris həftəsi uğurla başa çatıb.

Ötən həftə proqram çərçivəsində Almaniyanın SRH Berlin Universitetinin professoru Vanessa Borkman AATP 2025 bakalavr qrupunun tələbələri üçün ATMU-da qonaq müəllim qismində dərs keçərək “Destination Management” (Destinasiyaların idarə edilməsi) fənni üzrə tələbələrə müasir nəzəri və praktiki biliklər təqdim edib.

Professor Vanessa Borkman tərəfindən tədris olunan “Destination Management” fənni çərçivəsində tələbələr destinasiyaların idarə olunması, turizm təşkilatlarının rolu, beynəlxalq idarəetmə modelləri, maraqlı tərəflərlə əməkdaşlıq, dəyişikliklərin idarə edilməsi və destinasiyaların inkişaf mərhələləri üzrə ümumi nəzəri və praktik biliklər əldə ediblər. Tədrisin sonunda isə tələbələr bu sahədə əsas anlayış və modelləri izah etmək, mövcud problemləri təhlil etmək və praktiki idarəetmə situasiyalarına uyğun həll yolları təklif etmək bacarıqlarını inkişaf etdiriblər.

Qeyd edək ki, Azərbaycan-Avstriya Turizm Proqramı beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və tələbələrə qlobal təhsil imkanlarının təqdim olunması istiqamətində uğurla davam etdirilir.