Turizm sahəsində beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi məqsədilə VII Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresi öz işinə başlayıb. Konqres 15-17 aprel 2026-cı il tarixlərində Türkiyənin Ankara şəhərində təşkil olunub.
Tədbir Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Ankara Hacı Bayram Veli Universitetinin ev sahibliyi ilə, TİKA, Yunus Emre İnstitutu və Xaricdə Yaşayan Türklər və Qohum İcmalar İdarəsinin dəstəyi ilə keçirilir.
Bu il konqresin əsas mövzusu “Türk Dövlətlərində Turizmin Gələcəyinin Yenidən Dizaynı: Yerli Köklərdən Qlobal Dayanıqlığa, Sağlamlıq və Ağıllı Transformasiya” olaraq müəyyən edilib. Tədbir çərçivəsində turizmin dayanıqlı inkişafı, rəqəmsal transformasiya, sağlamlıq və rifah turizmi, eləcə də mədəni irsin qorunması kimi aktual məsələlər müzakirə olunur.
Konqresdə Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) Strateji inkişaf üzrə prorektor Araz Aslanlı və “Menecment” kafedrasının dosenti Arzu Hüseyn təmsil edirlər.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edib.
Tədbirdə həmçinin Qarabağ Universitetinin rektoru Şahin Bayramov və “Smart Hotellər Qrupu”nun rəhbəri Ceyhun Aşurov da iştirak edirlər.
Konqres proqramına Türk Dövlətləri Təşkilatına üzv ölkələrin turizm nazirlərinin iştirakı ilə keçirilən sessiyalar, plenar iclaslar və elmi müzakirələr daxildir.
Beynəlxalq miqyaslı tədbirin turizm sahəsində yeni əməkdaşlıqların qurulmasına, elmi bilik mübadiləsinin genişlənməsinə və Türk dövlətləri arasında turizm strategiyalarının inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Konqres öz işini davam etdirir.
Azərbaycanca