ATMU nümayəndəsi Düşənbədə beynəlxalq forumda iştirak edib
21.04.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 307
ATMU nümayəndəsi Düşənbədə beynəlxalq forumda iştirak edib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm işinin təşkili kafedrasının müdiri, f.e.n., dos. Hafiz Hüseynov Tacikistannın paytaxtı Düşənbədə yerləşən Beynəlxalq Turizm və Sahibkarlıq Universitetində keçirilmiş “Davamlı İnkişaf üçün Tərəfdaşlıq: Yaşıl. Rəqəmsal. Ağıllı” (Partnership for Sustainable Development: Green. Digital. Smart) adlı beynəlxalq forumda iştirak edib.

Forumda davamlı inkişaf, rəqəmsallaşma və “yaşıl” iqtisadiyyat prinsipləri əsas müzakirə mövzuları olub. Tədbir müxtəlif ölkələrdən ali təhsil müəssisələrinin nümayəndələrini, dövlət və özəl sektor təmsilçilərini bir araya gətirərək təhsil, turizm və innovasiya sahələrində aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb.

ATMU nümayəndəsi açılış mərasimində (Opening Ceremony), “Dostluq axşamı” (Evening of Friendship) proqramında, “Yaşıl Universitetlər” (GreenMetric) rektorlar sammitində (Green Universities (GreenMetric) Rector’s Summit), həmçinin “Turizm Sənayesinin Davamlı İnkişafı: Təcrübə və Perspektivlər” (Sustainable Development of the Tourism Industry: Experience and Prospects) və “Davamlı İnkişafın Hüquqi Təminatı, Rəqəmsallaşma və Süni İntellekt üzrə Müasir Trendlər” (Modern Trends in Legal Support of Sustainable Development, Digitalization, and Artificial Intelligence) mövzularına həsr olunmuş beynəlxalq konfranslarda fəal iştirak edib.

H.Hüseynov “Naftalan neftinin sağlamlıq turizminin inkişafında rolu” mövzusunda çıxış edərək Azərbaycanın bu sahədə mövcud potensialını diqqətə çatdırıb. Səfər çərçivəsində o, tələbələr üçün “Azərbaycanda sağlamlıq turizminin inkişaf istiqamətləri” mövzusunda açıq dərs keçıb. Təqdimat zamanı müasir turizm trendləri, sağlamlıq turizminin inkişaf perspektivləri və bu sahədə beynəlxalq təcrübələr geniş şəkildə təqdim olunub.

Bununla yanaşı, kafedra müdiri “Turizm Sənayesinin Davamlı İnkişafının Hüquqi Təminatı: Təcrübə və Perspektivlər” (International Conference: Modern Trends in Legal Support of Sustainable Development of the Tourism Industry: Experience and Prospects) adlı beynəlxalq konfransda moderator qismində çıxış edib. Konfrans çərçivəsində turizm sektorunda davamlı inkişafın hüquqi təminatı, rəqəmsallaşma və süni intellektin tətbiqi kimi aktual məsələlər müzakirə olunub.

Forum müddətində keçirilən görüşlər beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm əhəmiyyətli olub.