ATMU-da “Şəhərsalma və Memarlıqda yeni mərhələ” adlı tədbir keçirilib
22.04.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 244
ATMU-da “Şəhərsalma və Memarlıqda yeni mərhələ” adlı tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıqda yeni mərhələ” adlı tədbir təşkil olunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə universitetin rektoru İlham Mədətov açıb. Rektor bu il ölkəmizdə keçiriləcək 13-cü Dünya Şəhər Forumunun (WUF13) əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunun artmasına və şəhərsalma sahəsində yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verəcək. O, şəhərsalma və memarlıq sahəsinin ölkənin inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, bu cür tədbirlər tələbələrin dünyagörüşünün genişlənməsinə və peşəkar inkişafına töhfə verir.

Daha sonra ATMU-nun professoru Minəxanım Əsədova “Şəhərsalma və memarlığın kulturoloji əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, memarlığın cəmiyyətin mədəni yaddaşının formalaşmasında mühüm yer tutduğunu qeyd edib və şəhər mühitinin estetik dəyərlərindən bəhs edib.

“Humanitar və sosial elmlər” kafedrasının dosenti Günay Qafarova isə “Bakı memarlığı 60-80-ci illərdə” mövzusunu təqdim edib. O, həmin dövrdə Bakıda formalaşan memarlıq üslublarını təhlil edərək onların müasir şəhərsalma proseslərinə təsirini izah edib.

Tədbir çərçivəsində “Turizm işi” kafedrasının müəllimi Murad Rizvanqayanın çıxışı olub. O, turizm destinasiyalarının düzgün planlaşdırılmasının ölkənin turizm potensialının inkişafında vacib rol oynadığını bildirib. Həmçinin “Turizm işinin təşkili” ixtisası üzrə 3-cü kurs tələbələri tərəfindən turizm destinasiyalarına dair hazırlanmış videoçarxlar təqdim olunub.

Sonda tədbir rektor İlham Mədətovun yekun nitqi ilə başa çatıb.