ATMU-da ədliyyə orqanlarında karyera imkanları barədə infosessiya keçirilib
24.04.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 207
ATMU-da ədliyyə orqanlarında karyera imkanları barədə infosessiya keçirilib

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) arasında görüş keçirilib. Görüşdə Ədliyyə Nazirliyini İnsan resursları idarəsinin rəis müavini Seymur Səfərov, Mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə, İcra xidmətinin rəis müavini Yaqub Qurbanov, Probasiya xidmətinin qrup rəhbəri Səyyad Məcidov, İcra xidmətinin qrup rəhbəri Ayaz Əlirzayev və Ədliyyə könülləri təşkilatının sədri Cavad Cavadlı təmsil ediblər. ATMU tərəfdən isə görüşdə rektor İlham Mədətov, Starateji inkişaf üzrə prorektor Araz Aslanlı, Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva və Marketinq və ictimaiyyətlə əlaqlər şöbəsinin müdiri Məhəbbət Hacıyeva iştirak ediblər. Rektor qonaqları salamlayaraq bildirib ki, bu cür görüşlər tələbələrin peşəkar inkişafı və dövlət qurumları ilə əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qonaqlar çıxışlarında qeyd ediblər ki, görüşün əsas məqsədi tələbələrə ədliyyə orqanlarında karyera imkanları, işə qəbul qaydaları və peşə perspektivləri barədə ətraflı məlumat verməkdir.

Daha sonra tələbələr üçün mövzu ilə bağlı infosessiya keçirilib. Tədbirdə gənclərə ədliyyə orqanlarında qulluğa qəbul qaydaları, karyera imkanları, peşə perspektivləri və könüllülük fəaliyyəti barədə ətraflı məlumat verilib.

Görüşdə, həmçinin icra məmuru vəzifələri üzrə hüquq təhsili tələbinin ləğvi ilə bağlı tətbiq edilən yeniliklər diqqətə çatdırılıb. Bildirilib ki, bu dəyişikliklər bütün ixtisaslar üzrə ali təhsilli məzunların ədliyyə orqanlarında fəaliyyət imkanlarını artırır.

Eyni zamanda, könüllülük və təcrübə proqramlarının üstünlükləri, bu proqramların gənclərin peşəkar inkişafında rolu qeyd olunub, tələbələrin erkən mərhələdə praktiki bilik və bacarıqlar əldə etmələrinin əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, ədliyyə orqanlarında karyera qurmaq istəyən gənclərə müvafiq tövsiyələr verilib.