ATMU qadınların şəhərsalmada roluna həsr olunan konfransda
24.04.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 209
ATMU qadınların şəhərsalmada roluna həsr olunan konfransda

“Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfransın açılış mərasimi keçirilib. Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Memarlar İttifaqının tərəfdaşlığı ilə baş tutub. Konfransda Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri də iştirak ediblər.

Tədbirdən öncə təşkil edilən qadın memarların əsərlərindən ibarət sərgi maraqla qarşılanıb.

Konfransın rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və açılış nitqləri dinlənilib. Çıxışlarda qadınların memarlıq və şəhərsalma sahəsində rolunun artırılması, onların ictimai fəallığının gücləndirilməsi, sosial, mədəni və iqtisadi həyatda iştirak imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, konfrans çərçivəsində “Bərabər imkanların təmin olunmasında iqtisadi gücləndirmə və hüquqi islahatlar” və “Təhlükəsiz şəhərlər: dayanıqlı inkişaf modellərinin planlaşdırılmasında genderə həssas yanaşma” mövzularında iki panel müzakirəsi təşkil edilib.