Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) tələbələri Mehmanxana və restoran işi kafedrasının müəllimi, a.e.ü.f.d., dos. Çingiz Əliyev və kafedranın müəllimi Səkinə Abbasovanın rəhbərliyi ilə “Herba Flora” müəssisəsinə ekskursiya ediblər. Ekskursiyanın əsas məqsədi tələbələrin qida və fitoməhsulların istehsal texnologiyası ilə yaxından tanış olması və nəzəri biliklərin praktik mühitdə möhkəmləndirilməsi olub.
Tələbələr istehsalat sahələri ilə tanış olub, dərman bitkilərinin toplanması, qurudulması, emalı, qablaşdırılması və saxlanılması mərhələlərini yerində müşahidə ediblər. Eyni zamanda keyfiyyətə nəzarət və gigiyena qaydaları barədə ətraflı məlumat alıblar.
Müəssisə əməkdaşları tərəfindən istehsalın təşkili, məhsulların bazara çıxarılması və müasir texnologiyaların tətbiqi barədə izahat verilib. Tələbələr zeytun yağı, şafran yağı, kətan yağı, qara zirə yağı, balqabaq tumu yağı və günəbaxan yağı kimi məhsulların istehsal prosesi ilə tanış olublar.
İstehsalat sahəsində xammal qəbulu, emal və qablaşdırma bölmələrinin funksional şəkildə ayrıldığı, istehsal axınının isə “xammaldan hazır məhsula doğru xətti prinsip” əsasında qurulduğu bildirilib. Tələbələr həmçinin xammal, yarımfabrikat və hazır məhsul anbarlarında temperatur və rütubətə nəzarət sistemi ilə tanış olublar.
Ekskursiya çərçivəsində bioloji aktiv qida əlavələrinin istehsalı, bitki seçimi, filtrasiya və təmizlənmə prosesləri, qablaşdırma və markalanma qaydaları, eləcə də keyfiyyətə nəzarət prinsipləri barədə praktik məlumatlar da təqdim olunub.
Azərbaycanca