Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Türkiyənin Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB) nümayəndə heyəti ilə görüş təşkil olunub.
Görüşdə ATMU-nun Strateji inkişaf üzrə prorektoru, s.e.ü.f.d. Araz Aslanlı, Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları İranə Axundova və Aytac Babayeva, Türkiyənin YTB-nin Mədəni və Sosial Əlaqələr Departamentinin koordinatoru Sərvət Turan və mütəxəssis Fazilə Zeynalzadə iştirak ediblər.
Tədbir zamanı YTB-nin fəaliyyəti, Türk dünyası ilə əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr və ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq imkanları barədə geniş təqdimat edilib. Qurumun əsas məqsədlərindən biri kimi müxtəlif ölkələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və insan resurslarının inkişafına dəstək verilməsi vurğulanıb.
Görüş çərçivəsində ali təhsil sahəsində idarəetmə, akademik inkişaf və institusional əməkdaşlıq istiqamətlərində mümkün birgə fəaliyyət imkanları müzakirə olunub. Xüsusilə tələbə və akademik mübadilə proqramları, birgə layihələr və digər əməkdaşlıq təşəbbüsləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi apararaq gələcək əməkdaşlığın inkişaf etdirilməsi barədə niyyətlərini ifadə ediblər.
Azərbaycanca