ATMU tələbələri Molekulyar Biologiya İnstitutunda praktik dərsdə
28.04.2026
Mehmanxana və restoran işi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 192
ATMU tələbələri Molekulyar Biologiya İnstitutunda praktik dərsdə

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Sosial menecment fakültəsinin “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbəsi “Mehmanxana və restoran işi” kafedrasının dosenti, b.e.n. Gülnar Məmmədlinin rəhbərliyi ilə AR ETN-nin Molekulyar Biologiya İnstitutunda olublar.

“Qida mikrobiologiyası” fənni üzrə praktik dərslər institutun müvafiq mikrobioloji laboratoriyalarında təşkil olunub. B.ü.f.d. Vüsalə Xəlilzadə institutun fəaliyyət istiqamətləri barədə ümumi məlumat verdikdən sonra tələbələr laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.

Tanışlıq zamanı Torpaq və su laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Aygün Qasımova torpaq mikroorqanizmləri, elmi işçi Gülnarə Həsənova su mühitindəki mikroorqanizmlər, Mikrobioloji biotexnologiya laboratoriyasının elmi işçisi, b.ü.f.d. Vəfa Həsənova isə mikrobioloji tədqiqatlarda istifadə olunan avadanlıqlar və biotexnoloji proseslərdə mikroorqanizmlərin rolu haqqında məlumat veriblər.

Həmçinin, tələbələrə bəzi eksperimentlər əyani şəkildə nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonda laboratoriya əməkdaşları avadanlıqların işləmə prinsipləri ilə tələbələri yaxından tanış ediblər.