ATMU ilə IDegree by Woosong University arasında onlayn görüş keçirilib
24.04.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 113
ATMU ilə IDegree by Woosong University arasında onlayn görüş keçirilib

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Cənubi Koreyanın IDegree by Woosong University arasında beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə onlayn görüş təşkil olunub.

Görüşdə ATMU-nun Beynəlxalq əlaqələr şöbəsini təmsil edən İranə Axundova və Aytac Babayeva iştirak ediblər.

Görüşün əvvəlində IDegree by Woosong University-nin nümayəndələri çıxış edərək universitetin beynəlxalq fəaliyyət istiqamətləri, innovativ təhsil yanaşmaları və qlobal əməkdaşlıq imkanları barədə təqdimat ediblər. Təqdimatda xüsusilə tələbələrin beynəlxalq təcrübəsinin artırılması, rəqəmsal təhsil imkanlarının genişləndirilməsi və praktik yönümlü proqramların əhəmiyyəti vurğulanıb.

Daha sonra ATMU nümayəndələri universitet haqqında ümumi məlumat, onun fəaliyyəti və mövcud beynəlxalq əlaqələri barədə təqdimatla çıxış ediblər. Təqdimat zamanı universitetin beynəlxalq tərəfdaşlıqları, xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq istiqamətləri və tələbələr üçün yaradılan beynəlxalq imkanlar haqqında ətraflı məlumat verilib.

Görüşün davamında IDegree by Woosong University tərəfindən tələbələr üçün nəzərdə tutulmuş iki əsas proqram barədə geniş məlumat təqdim olunub. “Bali Summer Immersion Program 2026” çərçivəsində tələbələrin iki həftəlik proqram müddətində Bali adasında akademik biliklərini real mühitdə tətbiq etməsi, sahəvi səfərlərdə və mədəni fəaliyyətlərdə iştirak imkanları xüsusi qeyd edilib.

Bununla yanaşı, Koreya dili proqramı haqqında da məlumat verilib. Bildirilib ki, proqram Woosong University-nin akademik təcrübəsinə əsaslanır və TOPIK standartlarına uyğun hazırlanıb. Test of Proficiency in Korean (TOPIK) Koreya dili üzrə bilik səviyyəsini ölçən beynəlxalq imtahandır və dinləmə, oxuma və yazı bacarıqlarını qiymətləndirir. Proqramın onlayn platforma üzərindən çevik və interaktiv formatda təqdim olunduğu, həmçinin süni intellekt əsaslı öyrənmə alətləri ilə dəstəkləndiyi diqqətə çatdırılıb.

Görüş zamanı tərəflər əməkdaşlığın perspektivlərini müzakirə edərək tələbə mübadiləsi, qısamüddətli proqramlar və birgə təşəbbüslər üzrə mümkün əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.

Sonda qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın davam etdirilməsi və gələcəkdə konkret addımların müəyyənləşdirilməsi istiqamətində razılıq ifadə olunub.