ATMU-da Elmi Şuranın növbəti iclası keçirilib
01.05.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 160
ATMU-da Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası universitetin rektoru İlham Mədətov açaraq iştirakçıları salamlayıb, gündəlikdə olan məsələlərin ali təhsil müəssisəsinin fəaliyyətinin təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Daha sonra iclas gündəliyinə uyğun olaraq məsələlərin müzakirəsinə başlanılıb.

İlk olaraq aralıq imtahanlarının nəticələri barədə məsələ dinlənilib. Mövzu ilə bağlı rektor müşaviri Fərid Cabbarlı çıxış edərək nəticələri təqdim edib, göstəricilər təhlil olunub və müvafiq təkliflər səsləndirilib.

Ardınca kafedraların hesabatı dinlənilib. İqtisadiyyat kafedrasının müdiri Səkinə Hacıyeva və Dillər kafedrasının müdiri Əzizə Məmmədova çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Tələbələr üçün maarifləndirici tədbirlər və seminarlar, eləcə də növbəti il üçün iş planının təsdiqi məsələsi Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyevanın məruzəsi əsasında müzakirə olunub.

Tutorların fəaliyyəti haqqında məsələ ilə bağlı fakültə dekanları Bahadur Bilalov, Vüqar Nəzərov, Minaxanım Əsədova və Elmi tədqiqatlar və akademik təhsil mərkəzinin müdiri Nəsirulla Nəsirli çıxış edərək mövcud vəziyyət və inkişaf istiqamətləri barədə məlumat veriblər.

Cari məsələlər çərçivəsində universitet əməkdaşlarının elmi nəşrlərinin stimullaşdırılması ilə bağlı yeni qaydaların tətbiqi barədə məsələ N.Nəsirlinin məruzəsi əsasında müzakirə olunub. Eyni zamanda çap işləri barədə məlumat da onun tərəfindən təqdim edilib.

Turizm işi kafedrasının baş müəllimi, c.ü.f.d Sara Bağırlı və Humanitar və sosial elmlər kafedrasının baş müəllimi, f.ü.f.d. Samir Həsənovun dosent vəzifələrinə keçirilməsi məsələsi də N.Nəsirlinin təqdimatı ilə nəzərdən keçirilib.

Əcnəbi təhsilalanların 2026-2027-ci tədris ili üçün illik təhsil haqlarının müəyyənləşdirilməsi ilə bağlı məsələ Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundovanın məruzəsi əsasında müzakirə olunub.

Müzakirələrin sonunda gündəlikdə yer alan mövzular üzrə müvafiq qərarlar qəbul olunub. Rektor İlham Mədətov bütün məsələlərlə bağlı konkret tapşırıq və tövsiyələrini verib.