ATMU tələbələri Xalça Festivalında milli irsimizlə tanış olublar
04.05.2026
Dillər Kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 144
ATMU tələbələri Xalça Festivalında milli irsimizlə tanış olublar

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Dillər kafedrasının müəllimləri və tələbələri İçərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalında iştirak ediblər.

Kafedranın müəllimləri Aytən Əlizadə, Vəfa Əliyeva, Ləman Şükürova, Aytən Mahmudova və Aynur Niftəliyevanın rəhbərliyi ilə bir qrup tələbə festival çərçivəsində Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri, milli-mədəni irsimiz və qədim sənət nümunələri ilə yaxından tanış olublar. Tələbələr eyni zamanda xalça toxuma prosesində iştirak edərək bu sənəti əyani şəkildə təcrübədən keçirmək imkanı qazanıblar.

Tədbir zamanı nümayiş olunan xalça nümunələri, sərgilər və müxtəlif mədəni proqramlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bununla yanaşı, tələbələr festivalın əcnəbi qonaqları ilə ünsiyyət quraraq həm festival, həm də Azərbaycan haqqında onların təəssüratlarını öyrəniblər.

Dillər kafedrasının müəllimləri tələbələrin tədbirdə fəal iştirakını təmin edərək onların mədəni biliklərinin zənginləşməsinə dəstək göstəriblər. Festival tələbələr üçün həm maarifləndirici, həm də maraqlı mədəni təcrübə kimi yadda qalıb.