Azərbaycan Respublikasının universitetlərində “Qida mühəndisliyi” ixtisası üzrə bakalavriat pilləsinin tədris proqramının yenilənməsi ilə bağlı yeni təkliflər hazırlanıb. Bu təşəbbüs ölkənin aqrar-qida sektorunun strateji hədəflərinə uyğun, müasir və rəqabətqabiliyyətli kadr hazırlığını təmin etmək məqsədi daşıyır.
Təkliflərin hazırlanmasında bir sıra ali təhsil müəssisələrinin professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan Turizm və Menecment Universitetinin “Mehmanxana və restoran işi” kafedrasının müdiri dosent Tərlan Növrəsli və kafedranın dosenti Çingiz Əliyev də iştirak ediblər. Layihə Türkiyə-Azərbaycan Universitetinin əməkdaşları tərəfindən hazırlanıb və Azərbaycan Texniki Universitetində keçirilən tədbirdə təqdim olunub.
Yenilənmə təklifləri milli qida təhlükəsizliyi, yüksək əlavə dəyərə malik yerli məhsul potensialı, ixrac imkanları, yaşıl və rəqəmsal transformasiya, həmçinin akademik və praktik bacarıqların inkişafı kimi əsas istiqamətləri əhatə edir. Bununla yanaşı, tətbiqi elmi-tədqiqat (Az-Ge) potensialının gücləndirilməsi də prioritetlər sırasındadır.
Müzakirələr zamanı Azərbaycan aqrar-qida sənayesinin ehtiyaclarına uyğunluq məsələsi xüsusi diqqət mərkəzində olub. Dosent Ç.Əliyevin təqdim etdiyi təkliflər proqramın məzmununa daxil edilib. Eyni zamanda, 7-ci və 8-ci semestrlər üçün dizayn, innovasiya və aqrotexnologiya istiqamətində yeni fənlərin tədrisi ilə bağlı təkliflər irəli sürülüb.
Aparılan müzakirələrdən sonra yenilənmiş proqram nəticələri əlavə və düzəlişlərlə əsas sənəd kimi qəbul edilib. Yeni proqramın tətbiqi ilə Azərbaycanda qida mühəndisliyi sahəsində beynəlxalq standartlara uyğun, innovativ və ixtisaslaşmış təhsil modelinin formalaşdırılması hədəflənir.
Azərbaycanca