Turizm tələbələri istehsalat təcrübəsinə hazırlaşırlar
04.05.2026
Turizm və Qonaqpərvərlik fakültəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 143
Turizm tələbələri istehsalat təcrübəsinə hazırlaşırlar

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsində üçüncü kurs “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə fakültənin dekanı, dosent Bahadur Bilalov, Turizm işi kafedrasının müdiri, dosent Hafiz Hüseynov, Mehmanxana və restoran işi kafedrasının müdiri, dosent Tərlan Növrəsli, həmçinin fakültə tyutoru Cavid Məmmədov və istehsalat təcrübəsi üzrə rəhbərlər iştirak ediblər.

Görüşün əsas məqsədi tələbələri qarşıdan gələn istehsalat təcrübəsi ilə bağlı məlumatlandırmaq, onların bu prosesə hazırlıq səviyyəsini artırmaq və təcrübə müddətində riayət olunmalı qaydaları izah etmək olub. Dekan Bahadur Bilalov çıxışı zamanı istehsalat təcrübəsinin tələbələrin peşəkar bacarıqlarının formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, tələbələrə real iş mühitində əldə edəcəkləri bilik və təcrübənin gələcək karyeralarında xüsusi əhəmiyyət daşıdığını bildirib və hər birinə uğurlar arzulayıb.

Dekan həmçinin təcrübə müddətində tələbələrin aktiv, məsuliyyətli və təşəbbüskar olmalarının vacibliyini qeyd edib. O, istehsalat təcrübəsinin yalnız nəzəri biliklərin tətbiqi deyil, eyni zamanda yeni bilik və bacarıqların əldə olunması üçün geniş imkanlar yaratdığını diqqətə çatdırıb. Bununla yanaşı, tələbələrə təcrübə qaydaları, davamiyyət tələbləri, davranış normaları və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib.

Görüş zamanı bildirilib ki, “Turizm işinin təşkili” ixtisası üzrə Azərbaycan, rus və ingilis bölmələrində təhsil alan ümumilikdə 194 tələbə istehsalat təcrübəsində iştirak edəcək. Bu tələbələrdən 88 nəfəri Türkiyə Respublikasının müxtəlif hotellərində təcrübə keçmək imkanı əldə edəcək. Digər tələbələrin isə ölkə daxilində fəaliyyət göstərən 4 və 5 ulduzlu hotellərdə, həmçinin müxtəlif turizm şirkətlərində təcrübə keçmələri nəzərdə tutulur.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara təcrübə prosesində qarşılaşa biləcəkləri situasiyalarla bağlı tövsiyələr verilib.