ATMU müəlliminin strateji idarəetmə üzrə yeni dərs vəsaiti nəşr olunub
05.05.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 190
ATMU müəlliminin strateji idarəetmə üzrə yeni dərs vəsaiti nəşr olunub

“Strateji idarəetmə: təcrübi nümunələr və tətbiq” adlı yeni dərs vəsaiti işıq üzü görüb. Vəsaitin müəllifi Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müəllimi Yasəmən Abbasovadır.

Üç əsas bölmə və on bir fəsildən ibarət olan nəşrdə hər bir mövzu yerli və beynəlxalq müəssisələrin fəaliyyətindən götürülmüş, rəsmi və etibarlı mənbələrə əsaslanan çoxsaylı real nümunələrlə təqdim olunub. Bununla yanaşı, oxucuların mövzuları daha dərindən mənimsəməsi məqsədilə təxminən 20-yə yaxın strateji təhlil alətinin həm real müəssisələr, həm də nəzəri situasiyalar üzərində praktiki tətbiqi yer alıb.

Dərs vəsaitinin hazırlanması prosesində 300-dən artıq müxtəlif elmi ədəbiyyat və rəsmi mənbədən istifadə edilib ki, bu da onun həm nəzəri, həm də praktiki baxımdan etibarlılığını və əhatəliliyini artırır.

Qeyd edək ki, bu vəsait strateji idarəetmə sahəsində ölkədə bu formatda hazırlanmış ilk kompleks və tətbiqyönümlü mənbələrdən biri hesab oluna bilər.

Müəllif hesab edir ki, dərs vəsaiti tələbələr, tədqiqatçılar və idarəetmə sahəsində çalışan mütəxəssislər üçün faydalı olacaq, onların strateji düşünmə bacarıqlarının inkişafına və praktik qərarvermə qabiliyyətlərinin güclənməsinə mühüm töhfə verəcək.