Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Karyera və məzunlarla iş şöbəsinin təşkilatçılığı ilə tələbələr üçün nəzərdə tutulan turizm təlim proqramı uğurla başa çatıb. Təlimlər ATMU və Luna Travel şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Proqramın təlimçisi 2015-ci ildən etibarən Luna Travel MMC-nin təsisçisi və direktoru, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Nəzarət-Təftiş Komitəsinin üzvü, beynəlxalq turizm sahəsində müxtəlif sertifikatlara malik Rəhman Quliyev olub.
3 ay davam edən proqram (online və offline formatda) ərzində iştirakçılar turizm sahəsinin müxtəlif istiqamətləri üzrə praktiki və nəzəri biliklər əldə ediblər. Təlim modulları daxili və gəlmə turların təşkili, qiymətləndirmə sistemi, Bakı və region otelləri ilə iş prinsipləri, nəqliyyat xidmətlərinin təşkili, restoranlarla əməkdaşlıq, eləcə də dövlət və korporativ qurumlarla iş mexanizmlərini əhatə edib. Bununla yanaşı, proqramların düzgün təqdimatı və satış strategiyaları da tələbələrə izah olunub.
Təlimlərdə ATMU-nun “Turizm işinin təşkili” və “Turizm bələdçisi” ixtisasları üzrə təhsil alan tələbələri iştirak ediblər.
Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunublar.
Azərbaycanca