Bakı Dövlət Universitetinin ev sahibliyi ilə, Türkiyənin Ankara Hacı Bayram Veli Universiteti, Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Qarabağ Universitetinin tərəfdaşlığı çərçivəsində “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qlobal dəyişikliklər fonunda elm və təhsilin rolunun artdığını vurğulayaraq, Türk dünyasında inteqrasiyanın yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Türkiyə–Azərbaycan əməkdaşlığını Türk dünyası inteqrasiyasının əsas dayağı kimi dəyərləndirib və bu birliyin enerji, nəqliyyat və texnologiya sahələrində strateji əhəmiyyət daşıdığını qeyd edib.
ATMU-nun rektoru İlham Mədətov çıxışında beynəlxalq konfransların Türk dünyası ölkələri arasında elmi və akademik əməkdaşlığın inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. O bildirib ki, belə tədbirlər müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirərək fikir mübadiləsi üçün geniş imkanlar yaradır, ortaq problemlərin müzakirəsinə və həlli yollarının müəyyənləşdirilməsinə şərait yaradır.
Rektor vurğulayıb ki, xüsusilə iqtisadiyyat, turizm, idarəetmə və innovasiya sahələrində birgə tədqiqat layihələrinin həyata keçirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olmalıdır. Universitetlərarası əlaqələrin gücləndirilməsi, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, eləcə də ortaq elmi proqramların hazırlanması Türk dünyasında inteqrasiyanı daha da sürətləndirə bilər.
Tədbirdə çıxış edən digər rəsmilər – Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Girne Amerikan Universitetinin rektoru Serdar Yurtsever və Ankara Hacı Bayram Veli Universitetinin prorektoru Kürşat Göktürk konfransın Türk dünyası alimlərini bir araya gətirən mühüm platforma olduğunu vurğulayıblar.
Konfrans “Türk dünyası inteqrasiyası” adlı panel iclası ilə davam edib.
Qeyd edək ki, konfrans növbəti günlərdə bölmə iclasları ilə davam edəcək, mayın 8-də isə onlayn sessiyalar keçiriləcək. Tədbir çərçivəsində iqtisadi inkişaf modelləri, regional inteqrasiya, geosiyasi transformasiyalar, rəqəmsal texnologiyalar, innovasiya siyasəti, süni intellekt, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və Türk dünyasının beynəlxalq münasibətlər sistemində rolu kimi aktual mövzular müzakirə olunacaq.
Azərbaycanca