ATMU-da yaşıl texnologiyalar mövzusunda təqdimat keçirilib
08.05.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 492
ATMU-da yaşıl texnologiyalar mövzusunda təqdimat keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Şəhərsalma və Memarlıq ili” çərçivəsində növbəti maarifləndirici təqdimat keçirilib. ATMU-nun mağistr tələbəsi, eyni zamanda “Bank VTB (Azərbaycan)” ASC-nin Risklər və Monitorinq Departamentinin baş mütəxəssisi Rauf Rəsulzadə ekoloji davamlılıq və yaşıl texnologiyalar mövzusunda çıxış edib.

Təqdimat zamanı “Karbonun Səssiz Yolu: Logistikadan Ekosistemə” mövzusu ətrafında karbon emissiyalarının ətraf mühitə təsiri, logistika sektorunda yaranan ekoloji problemlər və onların azaldılması istiqamətində tətbiq olunan müasir yanaşmalar müzakirə olunub. Bildirilib ki, dayanıqlı logistika və düzgün ekosistem idarəçiliyi gələcək şəhərlərin inkişafında mühüm rol oynayır.

Digər təqdimat isə “Yaşıl İstehsalat və Texnologiyalar: Gələcəyə Baxış” mövzusuna həsr olunub. Çıxış zamanı yaşıl istehsalat modelləri, alternativ enerji mənbələri, innovativ texnologiyaların sənayedə tətbiqi və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərdən bəhs edilib. Qeyd olunub ki, müasir dövrdə texnologiyanın inkişafı ilə yanaşı, ekoloji məsuliyyətin artırılması da prioritet məsələlərdən biridir.

Təqdimat fikir mübadiləsi ilə davam edib. ATMU-nun baş müəllimi Samir Məhərrəmov tələbənin təqdimatını yüksək qiymətləndirib.