ATMU tələbələri “Beynəlxalq Qida Sərgisi”ndə iştirak ediblər
12.05.2026
Mehmanxana və restoran biznesi kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 412
ATMU tələbələri “Beynəlxalq Qida Sərgisi”ndə iştirak ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Sosial İdarəetmə fakültəsinin “Mehmanxana və restoran işi” kafedrasının bir qrup tələbəsi “Beynəlxalq Qida Sərgisi”ndə iştirak ediblər. Səfər kafedranın dosenti Çingiz Əliyev və müəllimi Səkinə Abbasovanın rəhbərliyi ilə təşkil olunub.

Sərginin əsas məqsədi tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirmək, onları qida sənayesində tətbiq olunan müasir texnologiyalar və innovativ həllərlə yaxından tanış etmək olub. Tədbir çərçivəsində tələbələr qida təhlükəsizliyi, qablaşdırma sistemləri, kənd təsərrüfatı texnologiyaları və restoran biznesində istifadə olunan müasir yanaşmalar barədə məlumat əldə ediblər.

Sərgidə tələbələrin diqqətini çəkən şirkətlər sırasında Abşeron Olive Gardens, Monopak, Beyond Global, Caqualink, ISR Plaza, Hellim və Fabrika Gruntov yer alıb.

Tələbələr sərgi zamanı müxtəlif müəssisələrin fəaliyyəti ilə tanış olub, qida istehsalı və xidmət sahəsində tətbiq olunan yeniliklər barədə məlumat toplayıblar. Xüsusilə qızartma yağlarının təhlükəsiz istifadəsi, ekoloji təmiz qablaşdırma, suyun təmizlənməsi sistemləri və keyfiyyətli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi sahəsində təqdim olunan innovasiyalar maraqla qarşılanıb.

Qeyd edək ki, bu cür praktiki tədbirlər tələbələrin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.