AATP çərçivəsində növbəti blok həftə uğurla yekunlaşıb
12.05.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 439
AATP çərçivəsində növbəti blok həftə uğurla yekunlaşıb

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında həyata keçirilən Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində növbəti akademik blok həftə uğurla başa çatıb.

Proqram çərçivəsində AATP 2023 bakalavr qrupunun tələbələri üçün “Experience Design in Tourism” fənni tədris olunub. Fənni tədris etmək məqsədilə proqramın direktoru və IMC Krems Tətbiqi Elmlər Universitetinin akademik heyət üzvü, professor Mattia Rainoldi ATMU-da qonaq olub.

Dərslər zamanı tələbələr turizmdə təcrübə dizaynı, innovasiya və yeni məhsulun hazırlanması istiqamətində nəzəri və praktik biliklər əldə edərək, müasir yanaşmalar əsasında turizm məhsullarının hazırlanması, prototipləşdirilməsi və təqdim olunması üzrə bacarıqlara yiyələniblər.

Blok həftə çərçivəsində tələbələrin praktiki biliklərinin artırılması məqsədilə İçərişəhər ərazisinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı tələbələr tarixi-mədəni turizm məkanlarında təcrübə dizaynı elementlərini yerində müşahidə etmək imkanı əldə ediblər.

Səfər çərçivəsində, həmçinin ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin nümayəndələri və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib. Görüş zamanı ali təhsil sistemi, beynəlxalq əməkdaşlıq imkanları və Azərbaycan-Avstriya Turizm Proqramının gələcək inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan-Avstriya Turizm Proqramı beynəlxalq akademik əməkdaşlığın gücləndirilməsi, müasir turizm təhsilinin inkişafı və tələbələrin beynəlxalq standartlara uyğun peşəkar kompetensiyalar əldə etməsinə mühüm töhfə verməyə davam edir.