Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Dillər kafedrasının müəllimləri Aytən Əlizadə, Ləman Şükürova, Vəfa Əliyeva və Aynur Niftalıyeva tərəfindən tələbələrin dünyagörüşünü artırmaq və onların milli-mədəni irsimizlə yaxından tanış olmalarını təmin etmək məqsədilə muzey ekskursiyası təşkil olunub.
Tələbələr ekskursiya zamanı əvvəlcə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi və Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olub, daha sonra isə Miniatür Kitab Muzeyi və Azərbaycan Milli Tarix Muzeyində maraqlı eksponatları izləyiblər.
Miniatür Kitab Muzeyində tələbələr dünyanın müxtəlif ölkələrində çap olunmuş çox kiçik ölçülü kitab kolleksiyaları ilə tanış olublar. Muzeydə nümayiş olunan Azərbaycan, ingilis, alman və digər dillərdə nəşr edilmiş miniatür kitablar, həmçinin yalnız mikroskop altında oxuna bilən kitab nümunəsi tələbələrdə böyük maraq yaradıb.
Azərbaycan Milli Tarix Muzeyində isə tələbələr xalqımızın qədim dövrlərdən bu günə qədər keçdiyi tarixi inkişaf yolunu əks etdirən eksponatlarla yaxından tanış olublar. Muzeydə qədim dövrlərə aid saxsı qablar, əmək alətləri, silahlar, qədim pullar, milli geyimlər və zərgərlik nümunələri nümayiş etdirilib.
Ekskursiya çərçivəsində Azərbaycan Milli Tarix Muzeyində yerləşən 44 günlük Vətən müharibəsinə həsr olunmuş xüsusi otaq da ziyarət edilib.
Ekskursiya tələbələrin tarixə, ədəbiyyata və milli-mədəni dəyərlərimizə marağını artırmaqla yanaşı, onların biliklərinin zənginləşməsində də mühüm rol oynayıb.
Azərbaycanca