Bakı Avrasiya Universitetinin (BAAU) rəhbərliyi Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) qonağı olub. Görüş çərçivəsində ATMU və BAAU arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
BAAU nümayəndə heyətinə universitetin rektoru, dosent Səyavuş Qasımov rəhbərlik edib. Görüşdə Tədris işləri üzrə prorektor dosent Nigar Hüseynova, Elmi işlər üzrə prorektor professor Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Sevda Rzayeva, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov və rektorun köməkçisi Arif Nəcimov BAAU-nu təmsil ediblər.
ATMU tərəfindən isə universitetin rektoru İlham Mədətov, Tədris işləri üzrə prorektor, professor Zaur Bağırov, Elmi məsələlər üzrə prorektor, professor İranə Əliyeva, Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov, eləcə də Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları İranə Axundova və Aytac Babayeva iştirak ediblər.
Görüş zamanı ali təhsil sahəsində əməkdaşlıq imkanları, akademik mübadilə proqramları, beynəlxalq layihələr və birgə elmi fəaliyyət istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandum iki ali təhsil müəssisəsi arasında əlaqələrin gücləndirilməsi, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, həmçinin tələbələrin peşəkar inkişafına yönəlmiş yeni təşəbbüslərin həyata keçirilməsi üçün hüquqi əsas yaradıb.
Qeyd olunub ki, ATMU ilə BAAU arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində Bakı Avrasiya Universitetinin tələbələri Azərbaycan-Avstriya Turizm Proqramına qoşularaq beynəlxalq standartlara uyğun təhsil imkanlarından faydalanırlar.
Görüşdən sonra nümayəndə heyəti Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində beynəlxalq ekspert Rob Davidson tərəfindən həyata keçirilən “Event Management” (Tədbirlərin idarəedilməsi) fənninin tədrisi prosesini izləyib. Nümayəndələr müasir tədris metodikası, interaktiv dərs mühiti və tələbələrin aktiv iştirakı ilə keçirilən dərsi yüksək qiymətləndiriblər.
Azərbaycanca