ATMU-da insan resursları mövzusunda seminar keçirilib
14.05.2026
Menecment kafedrası
Bölmə: Xəbərlər
Baxış sayı: 479
ATMU-da insan resursları mövzusunda seminar keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) tələbələrin peşəkar inkişafına dəstək məqsədilə Mencment kafedrasının təşkilatçılığı ilə “İnsan Resurslarında Biznes Tərəfdaşlığı Modeli” mövzusunda seminar təşkil olunub. Tədbirdə universitet rəhbərliyi, müəllimlər və tələbələr iştirak ediblər.

Seminarın açılışında çıxış edən ATMU-nun Biznes idarəçiliyi və menecment fakültəsinin (məktəbi) dekanı Vüqar Nəzərov qonaqları salamlayaraq bu cür maarifləndirici tədbirlərin tələbələrin əmək bazarına hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, müasir dövrdə insan resursları sahəsində tətbiq olunan innovativ yanaşmaların öyrənilməsi gənclərin gələcək karyera inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən Menecment kafedrasının müdiri Camal Hacıyev insan resurslarının idarə edilməsində biznes tərəfdaşlığı modelinin aktuallığından bəhs edib. O qeyd edib ki, müəssisələrdə HR sahəsinin strateji idarəetmədə rolu getdikcə artır və bu istiqamətdə praktik biliklərin tələbələrə çatdırılması vacibdir.

Seminarın əsas məruzəçisi, ATMU-nun məzunu, eyni zamanda “Veysəloğlu” MMC-nin İnsan Resursları üzrə Aparıcı Talant Partnyoru Bəxtiyar Bayramov iştirakçılarla öz peşəkar təcrübəsini bölüşüb. O, HR biznes tərəfdaşlığı modelinin şirkətlərdə tətbiqi, işçi münasibətlərinin effektiv qurulması, istedadların idarə olunması və korporativ strategiyaların formalaşdırılmasında insan resurslarının rolu barədə ətraflı məlumat verib. Tədbir zamanı real iş mühitindən nümunələr təqdim olunub və tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, ATMU-da artıq ənənə halını alan sənaye yönümlü görüşlər çərçivəsində müxtəlif sahələrdən dəvət olunan təlimçilərin əksəriyyəti universitetin məzunları olur. Bu isə tələbələr üçün həm motivasiya mənbəyi, həm də universitet-sənaye əməkdaşlığının uğurlu nümunəsi kimi dəyərləndirilir.

Sonda seminar iştirakçıları ilə fikir mübadiləsi aparılıb, tələbələrin HR sahəsinə marağının artırılması istiqamətində belə görüşlərin davamlı keçirilməsinin vacibliyi qeyd olunub.