AATP 2025 proqramında son blok həftə yekunlaşıb
15.05.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 894
AATP 2025 proqramında son blok həftə yekunlaşıb

Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) 2025 bakalavr qrupunun 2025/2026-cı tədris ilinin yaz semestri çərçivəsində keçirilən sonuncu əcnəbi professor ilə blok həftə uğurla yekunlaşıb.

Blok həftə zamanı AATP 2025 bakalavr qrupuna “Event Management” (Tədbirlərin təşkili) fənni üzrə dərslər beynəlxalq mütəxəssis və qonaq professor Rob Davidson tərəfindən ATMU-da bir həftəlik intensiv proqram formatında tədris olunub. Tədris prosesi zamanı tələbələrə tədbirlərin təşkili və idarə olunması sahəsində müasir yanaşmalar, tədbir konseptləri və onların tətbiq sahələri haqqında ətraflı məlumat verilib.

Dərslər çərçivəsində tədbirlərin marketinq strategiyasındakı rolu, maraqlı tərəflərlə (stakeholders) iş prinsipləri, tədbirlərin iqtisadi əhəmiyyəti, eləcə də tədbirin ideya mərhələsindən planlaşdırma, icra və qiymətləndirmə prosesinədək bütün mərhələlər tələbələrə izah olunub.

Qonaq professor tərəfindən həmçinin tədbir konseptlərinin dramaturgiyası və səhnələşdirilməsi, tədbir menecmentində hüquqi tənzimləmələr və davamlılıq prinsipləri barədə praktiki nümunələr əsasında təqdimatlar keçirilib. Tədris müddətində Bakı şəhərinin beynəlxalq tədbirlər üçün əhəmiyyəti xüsusi vurğulanaraq, şəhərin tədbir və turizm potensialı tələbələrlə müzakirə olunub.

Blok həftə ərzində tələbələr təqdimatlarla çıxış edərək tədbirlərin planlaşdırılması, idarə olunması və məqsədyönlü təşkilinə dair əldə etdikləri bilik və bacarıqları nümayiş etdiriblər.

Tədris həftəsinin sonuncu günü Azərbaycan Turizm Bürosunun İşgüzar Tədbirlərin Təşkili Sektorunun müdiri Elman Məmmədov tələbələrlə görüş keçirib. Görüş zamanı o, Azərbaycan Turizm Bürosunun beynəlxalq tədbirlərlə bağlı fəaliyyəti, tədbirlərin təşkili prosesi və Azərbaycanın beynəlxalq tədbirlər məkanı kimi mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Görüşün sonunda tələbələr tərəfindən ünvanlanan suallar cavablandırılıb və tədbir menecmenti sahəsində aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Blok həftə AATP 2025 proqramı çərçivəsində tələbələrin beynəlxalq akademik təcrübəsinin artırılması, praktiki biliklərinin inkişaf etdirilməsi və tədbir menecmenti sahəsində peşəkar bacarıqlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.