Azərbaycan Turizm və Menecment Universitetidə (ATMU) insan alveri ilə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin təşəbbüsü ilə baş tutub. Görüşdə tələbələrə insan alverinin yaratdığı təhlükələr, bu cinayət növünün qarşısının alınması yolları, eləcə də qurbanların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Təlimçi İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin nümayəndəsi Fatimə Abuşova olub. O çıxışında bildirib ki, Mərkəz insan alveri qurbanlarına inzibati və hüquqi prosedurlar barədə izahatların verilməsi, tibbi-sosial və sosial-psixoloji yardımın göstərilməsi, sosial reabilitasiya və reinteqrasiya xidmətlərinin təşkili istiqamətində fəaliyyət həyata keçirir.
F.Abuşova qeyd edib ki, insan alverinin potensial qurbanı ola biləcək həssas əhali qrupları ilə sosial işin aparılması və onların maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Mərkəz tərəfindən müxtəlif təhsil müəssisələrində və ictimai platformalarda mütəmadi maarifləndirici tədbirlər təşkil olunur.
Tədbir çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, insan alveri ilə mübarizədə ictimai məlumatlılığın artırılmasının vacibliyi vurğulanıb.
Azərbaycanca