ATMU-da “Beynəlxalq təcrübədə tyutorluq” təlimi keçirilib
18.05.2026
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 853
ATMU-da “Beynəlxalq təcrübədə tyutorluq” təlimi keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “Beynəlxalq təcrübədə tyutorluq” mövzusunda təlim uğurla başa çatıb.

ATMU və TKTA arasında imzalanmış “Təlim xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən keçirilən təlim TKTA-nın Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi Firuzə Məmmədzadə tərəfindən aparılıb.

İki gün davam edən təlim zamanı iştirakçılara tyutorluq anlayışının mahiyyəti, məqsədi və ali təhsildə rolu, beynəlxalq təcrübədə tətbiq olunan tyutorluq modelləri, tyutorların funksiyaları, etik məsuliyyətləri və sertifikatlaşdırılması ilə bağlı geniş məlumat təqdim olunub. Eyni zamanda, tyutorluq fəaliyyətinin tələbəyönümlü təhsil və akademik dəstək sistemlərinə inteqrasiyası, eləcə də ali təhsil müəssisələrində bu sistemin tətbiqi və davamlı təkmilləşdirilməsi mexanizmləri müzakirə edilib.

Təlim çərçivəsində iştirakçılar komandalara bölünərək situasiya əsaslı tapşırıqlar (keys) üzərində çalışıblar. TKTA nümayəndələri ATMU əməkdaşları tərəfindən hazırlanan tapşırıqları qiymətləndirərək onların daha da təkmilləşdirilməsi istiqamətində rəy və tövsiyələrini bölüşüblər.

Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və ali təhsildə tyutorluq sisteminin inkişafı baxımından faydalı platforma kimi dəyərləndirilib.