Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) universitetin yaradılmasının 20 illik yubileyi münasibətilə “İdarəetmədə multikultural dəyərlər” mövzusunda IX Respublika Elmi-Praktik Konfransı keçirilib. Tədbir ölkədə elm və təhsil sahəsində həyata keçirilən islahatların, eləcə də müasir idarəetmə yanaşmalarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Konfransın açılış mərasimində çıxış edən ATMU-nun rektoru İlham Mədətov iştirakçıları salamlayaraq bildirib ki, tədbirin əsas məqsədi idarəetmə sahəsində müasir çağırışların, innovativ yanaşmaların və multikultural dəyərlərin elmi-praktik müstəvidə müzakirəsini təşkil etmək, alimlər, tədqiqatçılar və mütəxəssislər arasında əməkdaşlığı genişləndirmək, yeni elmi ideyaların formalaşmasına və təşviqinə dəstək verməkdir.
Qeyd olunub ki, qloballaşma və rəqəmsallaşmanın sürətləndiyi müasir dövrdə multikultural dəyərlər idarəetmənin ayrılmaz tərkib hissəsinə çevrilib. Fərqli mədəniyyətlərə hörmət, tolerantlıq, sosial ədalət və inklüziv yanaşma prinsipləri artıq müasir idarəçilik modelinin əsas istiqamətləri kimi çıxış edir. Azərbaycanın tarixən multikultural dəyərlərin qorunub saxlandığı məkanlardan biri olduğu vurğulanaraq, bu siyasətin Ümummilli Lider Heydər Əliyev tərəfindən əsasının qoyulduğu, hazırda isə İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.
Konfrans çərçivəsində ATMU-nun Elmi tədqiqatlar və akademik təhsil mərkəzinin müdiri, f.r.e.n., dos. Nəsirulla Nəsirli “Süni intellekt tədris prosesində” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə süni intellekt texnologiyalarının təhsil sahəsində yaratdığı yeni imkanlardan, adaptiv öyrənmə sistemlərindən, virtual müəllimlərdən, rəqəmsal təhsil platformalarından və avtomatlaşdırılmış qiymətləndirmə vasitələrindən bəhs olunub. Bildirilib ki, bu texnologiyalar təhsilin keyfiyyətinin yüksəldilməsinə, müəllimlərin daha çox yaradıcı fəaliyyətə yönəlməsinə və tələbələrin fərdi inkişaf imkanlarının genişlənməsinə şərait yaradır.
Bununla yanaşı, çıxışda süni intellektdən istifadənin məlumat təhlükəsizliyi, akademik dürüstlük, etik məsələlər və texnologiyadan həddindən artıq asılılıq kimi müəyyən risklər yaratdığı da qeyd olunub. Bu səbəbdən süni intellektin təhsil sisteminə məqsədyönlü, nəzarətli və pedaqoji prinsiplərə uyğun şəkildə inteqrasiyasının vacibliyi vurğulanıb. Məruzədə süni intellektin müəllimi əvəz edən deyil, onun fəaliyyətini dəstəkləyən və təhsilin səmərəliliyini artıran innovativ vasitə olduğu bildirilib.
Konfrans daha sonra bölmə iclasları ilə davam etdirilib. Tədbirin proqramına ümumilikdə 113 elmi məruzə daxil edilib. Məruzələr “Turizm və xidmət sektorunda çoxsahəli idarəetmə”, “Dövlət və bələdiyyə idarəçiliyində multikultural dəyərlər”, “Turizmin idarə edilməsində informasiya təhlükəsizliyi və süni intellektin rolu”, “Korporativ idarəetmə və biznesin idarə edilməsi” kimi aktual mövzuları əhatə edib.
Bölmə iclaslarında Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlının “Turizmin inkişafında bələdiyyələrin rolu”, “Turizm biznesi” kafedrasının müdiri, dosent Hafiz Hüseynovun “Turizm sənayesində innovativ və rəqəmsal texnologiyalar”, “Mehmanxana və restoran işi” kafedrasının dosenti Gülnar Məmmədli və baş müəllim Həlilə Məmmədovanın “Azərbaycanın mədəni irs sərvətləri və onların turizm və qonaqpərvərlik sənayesinə təsiri, həmçinin magistrant və doktorantların müxtəlif mövzularda məruzələri və digərlərinin çıxışları konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.
Elmi fikir mübadiləsi və əməkdaşlıq platforması kimi əhəmiyyət daşıyan IX Respublika Elmi-Praktik Konfransı yekun plenar iclasla öz işini başa vurub.
Azərbaycanca