Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Dillər kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Leyla Vaqif qızı Əlizadə İtaliyanın Milan şəhərində, Università IULM-də keçirilən beynəlxalq konfransda ATMU-nu uğurla təmsil edib.
Leyla Əlizadə konfransda “AI-Assisted Sight Translation: Opportunities and Limitations in Interpreter Training” (“Süni intellekt dəstəyi ilə şifahi tərcümə: tərcüməçi hazırlığında imkanlar və məhdudiyyətlər”) mövzusunda məruzə ilə çıxış edib. Məruzədə süni intellekt dəstəkli alətlərin mətnin ilkin anlaşılması və terminologiyanın müəyyənləşdirilməsi prosesini asanlaşdıraraq şifahi tərcümə bacarıqlarının inkişafına müsbət təsir göstərdiyi vurğulanıb. Bununla yanaşı, maşın tərəfindən yaradılan təkliflərə həddindən artıq etibarın tələbələrin müstəqil qərarvermə və mətnin praqmatik çalarlarını düzgün ötürmə bacarıqlarını zəiflədə biləcəyi qeyd olunub. Məruzədə sifahi tərcümə prosesində insanın analitik və interpretativ kompetensiyalarının hələ də əsas rol oynadığı əsaslandırılıb.
Konfransda müxtəlif ölkələrdən olan alimlər və dilçilər tərcüməçi hazırlığında süni intellekt alətlərindən tənqidi yanaşma əsasında istifadəni öyrədən inteqrativ pedaqoji modellərin tətbiqinin məqsədəuyğunluğu barədə geniş müzakirələr aparıblar.
ATMU nümayəndəsinin bu mötəbər platformada iştirakı universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsinə və beynəlxalq akademik mühitdə tanıdılmasına mühüm töhfə verir.
Azərbaycanca