Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri “Təhsildə Qiymətləndirmə və İnkişaf” Forumunda iştirak ediblər.
Forum təhsildə qiymətləndirmə sistemlərinin inkişafı, müasir yanaşmaların tətbiqi, innovativ həllərin müzakirəsi və beynəlxalq təcrübənin paylaşılması məqsədilə dövlət qurumlarının, ali təhsil müəssisələrinin, ekspertlərin və digər maraqlı tərəflərin nümayəndələrini bir araya gətirib.
Tədbirdə ATMU-nu Strateji məsələlər üzrə prorektor Araz Aslanlı, rektor müşaviri Fərid Cabbarlı və universitetin digər nümayəndələri təmsil ediblər.
Forumun açılış hissəsində çıxış edən Araz Aslanlı təhsildə qiymətləndirmə mexanizmlərinin daim təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığında obyektiv və şəffaf qiymətləndirmə sistemlərinin mühüm rol oynadığını bildirib.
Forum çərçivəsində keçirilən "Çətinlik, obyektivlik və etimad: müasir qiymətləndirmədə balans" adlı panel müzakirəsində çıxış edən Fərid Cabbarlı isə qiymətləndirmə prosesində nəzəri biliklərlə praktiki bacarıqlar arasında tarazlığın qorunmasının əhəmiyyətindən danışıb. O bildirib ki, müasir təhsil sistemində qiymətləndirmə yalnız nəticələrin ölçülməsi deyil, həm də tələbələrin inkişafını dəstəkləyən mühüm idarəetmə alətidir.
Forum zamanı müasir qiymətləndirmə modelləri, açıq və qapalı sualların tətbiqi, nəticələrin analitik təhlili, eləcə də beynəlxalq təcrübə və lokal tətbiqlər üzrə geniş fikir mübadiləsi aparılıb.
ATMU nümayəndələrinin forumda iştirakı universitetin təhsildə keyfiyyətin yüksəldilməsi və müasir qiymətləndirmə yanaşmalarının təşviqi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin davamı kimi qiymətləndirilir.
Azərbaycanca