ATMU əməkdaşlarına sertifikatlar təqdim olunub
08.06.2026
Strateji inkişaf və keyfiyyət təminatı şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 217
ATMU əməkdaşlarına sertifikatlar təqdim olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Beynəlxalq təcrübədə tyutorluq (tyutorların sertifikatlaşdırılması)” mövzusunda keçirilən iki günlük təlim kursunun iştirakçıları üçün sertifikat təqdimetmə mərasimi təşkil olunub.

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təşkil edilən təlim ali təhsil müəssisələrində akademik məsləhətçi institutunun təkmilləşdirilməsinə həsr olunub. Təlim çərçivəsində müasir tələbə mərkəzli təhsil modelində tyutorların rolu, onların fəaliyyətinin optimallaşdırılması və məsuliyyətlərin səmərəli bölüşdürülməsi məsələləri müzakirə edilib.

Sertifikatların təqdim olunmasının rəsmi mərasimində ATMU-nun rektoru İlham Mədətov, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı və TKTA-nın Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi Firuzə Məmmədzadə iştirak ediblər.

Rektor İlham Mədətov tyutorluq xidmətlərinə beynəlxalq standartların inteqrasiyasının universitetin akademik xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində strateji hədəflərinə nail olunmasında mühüm rol oynadığını vurğulayıb. O, tyutorların tələbə ilə universitet arasında əsas əlaqələndirici funksiyanı yerinə yetirdiyini qeyd edib.

TKTA-nın baş məsləhətçisi Firuzə Məmmədzadə isə təlim müddətində əldə olunan bilik və praktik bacarıqların ATMU-da daxili proseslərin təkmilləşdirilməsinə töhfə verəcəyini bildirib. Onun sözlərinə görə, tyutorlar arasında məsuliyyətlərin rasional bölüşdürülməsi iş yükünün azalmasına və tələbələrə daha fərdi yanaşmanın təmin olunmasına imkan yaradacaq.

Qeyd olunub ki, yeni iş metodlarının tətbiqi ATMU-nun yüksək keyfiyyətli və innovativ təhsil mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.