ATMU-da rəqəmsal inkişaf məsələləri müzakirə olunub
30.11.-0001
--
Bölmə: Xəbərlər
Baxış sayı: 71
ATMU-da rəqəmsal inkişaf məsələləri müzakirə olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində qarşıda duran vəzifələrə həsr olunmuş müzakirə keçirilib.

İclasda universitetin rektoru İlham Məmmədov, prorektor Araz Aslanlı, rektor müşaviri Fərid Cabbarlı, Strateji inkişaf və keyfiyyət təminatı şöbəsini müdiri Sara Bağırlı, İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Bağırlı və baş mütəxəssis Fazil Seyidli iştirak ediblər.

Müzakirələrdə bildirilib ki, Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planında rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi, innovasiya ekosisteminin gücləndirilməsi, kibertəhlükəsizliyin təmin edilməsi və yüksəkixtisaslı kadr hazırlığı əsas prioritet istiqamətlər kimi müəyyənləşdirilib.  

Qeyd olunub ki, sənəddə ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin kommersiyalaşdırılması, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, innovasiya, süni intellekt və informasiya-kommunikasiya texnologiyaları üzrə tədqiqatların təşviqi, eləcə də strateji texnologiyalar sahəsində klasterləşmə layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.  

Tədbirdə vurğulanıb ki, Fəaliyyət Planı çərçivəsində süni intellekt sahəsində yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması, Azərbaycan dili üzrə böyük dil modellərinin yaradılması, dövlət xidmətlərində süni intellekt əsaslı həllərin tətbiqi və innovativ startapların dəstəklənməsi istiqamətində mühüm addımlar atılacaq.  

Çıxış edənlər universitetlərin rəqəmsal transformasiya prosesində mühüm rol oynadığını bildirərək, ATMU-da müasir texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində kadr hazırlığının daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Sonda Fəaliyyət Planında nəzərdə tutulan hədəflərin icrasında ali təhsil müəssisələrinin fəal iştirakının əhəmiyyəti vurğulanıb və bu istiqamətdə ATMU-da görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.