Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün xaricdə istehsalat təcrübəsi proqramı həyata keçirilir.
Tələbələrin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, beynəlxalq iş təcrübəsi qazanmaları və əmək bazarına hazırlıq səviyyələrinin artırılması məqsədilə həyata keçirilən proqram çərçivəsində hazırda 88 tələbə Türkiyənin müxtəlif beşulduzlu hotellərində istehsalat təcrübəsində iştirak edir.
May ayında başlayan və noyabr ayınadək davam edəcək proqram çərçivəsində tələbələr beynəlxalq qonaqpərvərlik standartları, müştəri xidməti, rezervasiya sistemləri, qonaq münasibətlərinin idarə olunması, komanda işi və xidmət keyfiyyətinin təmin edilməsi istiqamətlərində praktiki təcrübə qazanırlar.
Təcrübə proqramı iştirakçılara universitetdə əldə etdikləri nəzəri bilikləri real iş mühitində tətbiq etmək, qonaqpərvərlik sektorunun iş prinsipləri ilə yaxından tanış olmaq, rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
Qeyd edək ki, uzunmüddətli xarici istehsalat təcrübəsi proqramı Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə Azərbaycan Turizm və Menecment Universitetində tətbiq olunub.
Azərbaycanca