AATP 2023 bakalavr qrupunda buraxılış işlərinin müdafiəsi başlayıb
19.06.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 524
AATP 2023 bakalavr qrupunda buraxılış işlərinin müdafiəsi başlayıb

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti (@imckrems) ilə birgə həyata keçirilən Azərbaycan–Avstriya Turizm Proqramı (AATP) çərçivəsində təhsil alan AATP 2023 bakalavr tələbələrinin buraxılış işlərinin müdafiəsinə start verilib.

Müdafiələr proqramın direktoru, professor Mattia Rainoldinin rəhbərlik etdiyi komissiya tərəfindən həyata keçirilir. Komissiyanın tərkibində proqramın professor-müəllim heyətinin üzvləri – i.ü.f.d. Çinarə İmamverdiyeva, i.ü.f.d. İlahə Əliyeva, i.ü.f.d. Günel Poladova və müəllim Aygün Abdulova yer alıblar.

Müdafiə prosesi zamanı tələbələr diplom işlərinin məqsəd və nəticələrini təqdim edərək apardıqları tədqiqatların aktuallığı, metodologiyası və praktik əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Eyni zamanda, yekun qiymətləndirmənin tərkib hissəsi kimi ixtisas fənləri üzrə komissiya üzvləri tərəfindən ünvanlanan sualları cavablandıraraq əldə etdikləri nəzəri bilikləri, analitik düşüncə bacarıqlarını və peşəkar kompetensiyalarını nümayiş etdiriblər.

Buraxılış işlərinin müdafiəsi tələbələrin təhsil müddətində qazandıqları bilik və bacarıqların qiymətləndirilməsi, onların tədqiqat aparmaq, təhlil etmək və peşəkar fəaliyyətə hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan–Avstriya Turizm Proqramı (AATP) Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramıdır. Proqram çərçivəsində təhsil alan tələbələr məzun olduqda həm Azərbaycan Turizm və Menecment Universitetinin, həm də IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə edirlər. Beynəlxalq standartlara əsaslanan bu təhsil modeli turizm və qonaqpərvərlik sənayesi üçün yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edir.