Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Mehmanxana və restoran işi” kafedrasının dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Çingiz Əliyev və müəllim Pakizə Tanırverdiyeva Türkiyənin Qars şəhərində keçirilən NEXUS 2026 – “International Symposium on Scientific Innovation, Interdisciplinary Research and Global Collaboration” beynəlxalq elmi simpoziumunda onlayn formatda iştirak edərək universiteti uğurla təmsil ediblər.
Simpozium çərçivəsində dos. Çingiz Əliyev “Azərbaycanın müxtəlif regionlarında becərilən qulançar (Asparagus L.) bitkisinin növləri və rayonlaşdırılmış sortlarının biokimyəvi göstəricilərinin qiymətləndirilməsi” mövzusunda elmi məruzə ilə çıxış edib. Tədqiqatda qulançarın qida və bioloji dəyərini xarakterizə edən əsas göstəricilər təhlil olunub, həmçinin bitkinin müxtəlif növlərinin ilk dəfə Coğrafiya İnformasiya Sistemləri (CİS) texnologiyalarından istifadə edilməklə xəritələşdirilməsi və yayılma areallarının öyrənilməsi elmi yenilik kimi təqdim edilib.
Məruzədə əldə olunan nəticələrin biomüxtəlifliyin qorunması, genetik ehtiyatların öyrənilməsi, seleksiya işlərinin inkişafı, eləcə də qida təhlükəsizliyi, kənd təsərrüfatı və biologiya sahələrində gələcək tədqiqatlar üçün əhəmiyyət daşıdığı vurğulanıb. Təqdim olunan elmi iş iştirakçılar tərəfindən maraqla qarşılanaraq multidissiplinar yanaşmanın uğurlu nümunəsi kimi qiymətləndirilib.
Simpoziumun yekununda ATMU əməkdaşlarının təqdim etdiyi tədqiqat beynəlxalq sertifikatla təltif olunub, elmi məqalə isə beynəlxalq resenziyalı elmi jurnallarda nəşr olunmaq üçün tövsiyə edilib.
ATMU əməkdaşlarının belə nüfuzlu beynəlxalq elmi tədbirdə iştirakı universitetin elmi potensialının beynəlxalq səviyyədə tanıdılmasına, beynəlxalq akademik əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və Azərbaycan elminin dünya elmi məkanında təbliğinə mühüm töhfə verir.
Azərbaycanca