AATP üzrə 2026/2027-ci tədris ili üçün qəbul müsahibələrinə start verilib
16.07.2026
Beynəlxalq Əlaqələr Şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 383
AATP üzrə 2026/2027-ci tədris ili üçün qəbul müsahibələrinə start verilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) üzrə 2026/2027-ci tədris ili üçün bakalavr qrupunun formalaşdırılması məqsədilə qəbul müsahibələrinə başlanılıb. Müsahibələrin ilk günü 16 iyul 2026-cı il tarixində təşkil olunub.

Müsahibələr proqram üzrə yaradılmış komissiya tərəfindən həyata keçirilib. Komissiyaya ATMU-nun Dillər kafedrasının müdiri Əzizə Məmmədova sədrlik edib. Komissiyanın tərkibində Dövlət Turizm Agentliyinin aparıcı məsləhətçisi İlqarə Abdullayeva, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Karyera və məzunlarla iş şöbəsinin müdiri İlahə Əliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini İranə Axundova, Dillər kafedrasının dosent əvəzi Nigar Həbibullayeva və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, Azərbaycan-Avstriya Turizm Proqramının koordinatoru Aytac Babayeva yer alıblar.

Cari qəbul dövründə Azərbaycan-Avstriya Turizm Proqramına ümumilikdə 30 namizəd müraciət edib. Müsahibələrin ilk günündə 15 namizəd iştirak edib. Onlardan 1 nəfər "Turizm işinin təşkili" ixtisası (tədris Azərbaycan dilində), 4 nəfər "Tərcüməçilik" ixtisası və 10 nəfər "Turizm işinin təşkili" ixtisası (tədris ingilis dilində) üzrə təhsil alan tələbələr olub.

Müsahibələr zamanı namizədlərin ingilis dili bilikləri, ünsiyyət bacarıqları, motivasiyası, analitik düşünmə qabiliyyəti və proqramın tələblərinə uyğunluğu qiymətləndirilib. Seçim prosesi şəffaflıq, obyektivlik və akademik meyarlar əsasında həyata keçirilir.

Qeyd edək ki, Azərbaycan-Avstriya Turizm Proqramı Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında həyata keçirilən ikili diplom proqramıdır. Proqram beynəlxalq standartlara uyğun tədris, müasir turizm və qonaqpərvərlik sahəsində peşəkar kadr hazırlığı, eləcə də tələbələrə hər iki ali təhsil müəssisəsinin diplomunu əldə etmək imkanı təqdim edir.

Azərbaycan-Avstriya Turizm Proqramı üzrə qəbul müsahibələri 17 iyul 2026-cı il tarixində də davam etdiriləcək.