ATMU-da Elmi Şuranın növbəti iclası keçirilib
17.07.2026
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 638
ATMU-da Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan universitetin rektoru İlham Mədətov Elmi Şura üzvlərini salamlayaraq gündəlikdə yer alan məsələlərin universitetin tədris, elm və idarəetmə fəaliyyətinin qiymətləndirilməsi, eləcə də gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

İclasın ilk hissəsində 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri müzakirə olunub. İlk olaraq Tədris məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlının təqdimatı dinlənilib. Sonra Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Sosial menecment fakültəsinin dekanı Kənan Allahverdiyev və Biznes və menecment fakültəsinin (məktəbi) dekanı Vüqar Nəzərov fakültələr üzrə imtahan sessiyasının yekunları barədə hesabat təqdim ediblər.

Daha sonra Tədrisin təşkili şöbəsinin müdir müavini Liana Sadıqzadə dövlət imtahanlarının nəticələrinə dair hesabatla çıxış edərək qiymətləndirmə prosesinin yekunları barədə məlumat verib.

İclasda rektor İlham Mədətov, prorektorlar İranə Əliyeva və Araz Aslanlı, eləcə də fakültə dekanları 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə fəaliyyət planının icrası ilə bağlı görülən işlər və əldə olunan nəticələri Elmi Şura üzvlərinin diqqətinə çatdırıblar.

Universitetin 2022-2026-cı illər üzrə Strategiyasının 2026-cı ilin birinci yarımili üzrə icra vəziyyəti haqqında Strateji inkişaf üzrə prorektor Araz Aslanlı hesabat təqdim edib. Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı isə akkreditasiya qiymətləndirilməsinin nəticələri əsasında Akkreditasiya Komissiyasının tövsiyə və göstərişlərinin icrası istiqamətində görülmüş işlər barədə məlumat verib.

Elmi tədqiqatlar və akademik təhsil mərkəzinin rəhbəri Nəsirulla Nəsirli ATMU-da doktorantura təhsilinin mövcud vəziyyəti, tələbələrin elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər, eləcə də yerli və beynəlxalq elmi konfransların təşkili, professor-müəllim heyəti üçün keçirilən təlim və seminarlar barədə hesabat təqdim edib. O, həmçinin növbəti tədris ili üçün nəzərdə tutulan fəaliyyət planını Elmi Şuranın müzakirəsinə çıxarıb.

Sara Bağırlı həmçinin universitetdə tələbələr, akademik və inzibati heyət arasında keçirilmiş məmnunluq sorğularının nəticələrini təqdim edib. Humanitar və sosial elmlər kafedrasının müdiri Cənnətxan Eyvazov və Ümumi fənlər kafedrasının müdiri Nazim Rüstəmov rəhbərlik etdikləri kafedraların illik fəaliyyəti barədə hesabat veriblər.

İclasda Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən milli dövlətçilik və azərbaycançılıq ideyalarının təbliği istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər, Karyera və məzunlarla iş şöbəsi tərəfindən məzunlarla iş sahəsində görülmüş işlər və gələcək fəaliyyət planları haqqında hesabatlar təqdim edilib.

ATMU Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Komitəsi fəaliyyətləri barədə illik hesabatlar təqdim ediblər.

Cari məsələlər çərçivəsində dosent vəzifəsinə təyinat məsələsinə baxılıb və müvafiq qərar qəbul olunub.

İclasın sonunda gündəlikdə yer alan bütün məsələlər üzrə qərarlar qəbul edilib. Rektor İlham Mədətov müzakirə olunan istiqamətlərlə bağlı aidiyyəti struktur bölmələrinə konkret tapşırıq və tövsiyələrini verib.