Şahdağda “ATMU - Məzun Paneli” keçirilib
17.07.2026
Karyera və məzunlarla iş şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 750
Şahdağda “ATMU - Məzun Paneli” keçirilib

“Şahdağ” Turizm Mərkəzində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 20 illiyinə həsr olunmuş “TourismLAB” Yay Düşərgəsi çərçivəsində ATMU-nun tələbələri üçün “Məzun Paneli” təşkil olunub. Panelin moderatoru Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və məzunlarla iş şöbəsinin müdiri, eyni zamanda ATMU-nun məzunu İlahə Əliyeva olub.

Paneldə “Premier Group” Hotellər Şəbəkəsinin Marketinq direktoru Samir Abdullayev, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədr müavini Əhməd Qurbanov, Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin Regional turizmin inkişafı sektorunun böyük məsləhətçisi Nazilə Əliyeva və Roof Academic Training-in xaricdə təhsil üzrə mütəxəssisi Tahirə Hüseynova çıxış ediblər.

ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov çıxış edərək, məzunlara uğurlar arzulayıb. O, ATMU-nun məzunlarla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, məzunlarını peşəkar fəaliyyətlərinin bütün mərhələlərində diqqətdə saxladığını və onların karyera inkişafını dəstəkləmək məqsədilə müxtəlif təşəbbüslər həyata keçirdiyini vurğulanıb.

Müzakirələr zamanı ATMU-da təhsilin üstünlükləri, turizm sahəsində əmək bazarının tələbləri, beynəlxalq təhsil imkanları, ikili diplom proqramları və məzunların karyera inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə, ATMU-nun beynəlxalq əməkdaşlıqları çərçivəsində həyata keçirilən Krems Tətbiqi Elmlər Universiteti ilə ikili diplom proqramının üstünlükləri diqqətə çatdırılıb.

Panel tələbələrin çoxsaylı sualları ətrafında interaktiv müzakirələrlə davam edib. Qeyd edilib ki, ATMU məzunları universitetlə sıx əlaqələrini davam etdirərək öz bilik və təcrübələrini tələbələrlə bölüşür, onların peşəkar inkişafına töhfə verir, eyni zamanda universitet–məzun–işəgötürən əməkdaşlığının gücləndirilməsində fəal rol oynayırlar. Bu cür görüşlər tələbələrin gələcək karyera planlamasına dəstək olmaqla yanaşı, ATMU-nun güclü məzun şəbəkəsinin formalaşdırılmasına və inkişafına da mühüm töhfə verir.